BAKI, 7 oktyabr. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaiçi Tokionun nüvə silahına sahib olmayacağını, istehsal etməyəcəyini və ya idxal etməyəcəyini nəzərdə tutan üç qeyri-nüvə prinsipinə ciddi şəkildə riayət etməyə davam edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, parlamentin aşağı palatasında keçirilən müzakirələr zamanı o, sadəcə hökumətinin ilin sonunda qəbul etmək niyyətində olduğu yeni təhlükəsizlik sənədlərinin məzmunu ilə bağlı fərziyyə irəli sürməyəcəyini bildirib.
Hazırda kabinet ekspertlərlə birlikdə mətnin hazırlanması ilə məşğuldur. Bəzi ekspertlər üç qeyri-nüvə prinsipinin yenidən nəzərdən keçirilməsini və nüvə sualtı gəmilərinə sahib olmağın tərəfdarıdırlar. Yaponiya müdafiə naziri Şinjiro Koizumi əvvəllər dəfələrlə bu məsələ ilə bağlı açıq müzakirəyə çağırıb.
Takaiçi hökumətinin üç qeyri-nüvə prinsipinə riayət etdiyini bəyan etsə də, Tokiodakı hazırkı müzakirələr fonunda gələcəkdə bu siyasətin davam edib-etməyəcəyi naməlumdur.
Yaponiyanın üç qeyri-nüvə prinsipi qanunla rəsmiləşdirilməyib, hökumətin qərarı ilə dəyişdirilə bilər. Baş nazir seçilməzdən əvvəl Takaiçi ABŞ ilə hərbi ittifaqın çəkindirici gücünü artırmaq məqsədilə Amerika nüvə silahlarının idxalına qoyulan qadağanı ləğv etməyi düşünürdü.