BAKI, 7 oktyabr. TELEQRAF
Bu gün burada yalnız keçmişdə yaşanan münaqişələrin nəticələrini deyil, keçmişin yaralarını necə sağaldacağımızı, cəmiyyətlər arasında etimadı necə gücləndirəcəyimizi və davamlı sülhü hansı humanitar əsaslar üzərində quracağımızı müzakirə edirik.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, dünyanın bir çox bölgəsində müharibələr və siyasi gərginliklər davam edərkən, Cənubi Qafqazda sülh və sabitlik yolunda atılan addımları məmnuniyyətlə izlənilir:
"8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan-Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş mətninin paraflanması sülh prosesi baxımından mühüm inkişaf olub. Arzumuz prosesin tərəflərin razılığı ilə irəliləməsi, Cənubi Qafqazın münaqişələrin deyil, sülhün, əməkdaşlığın, ticarətin, nəqliyyatın və ümumi rifahın təşviq edildiyi bir regiona çevrilməsidir. Türkiyə olaraq bölgədə davamlı sülhə, sabitliyə və rifaha töhfə verəcək konstruktiv addımları dəstəkləməyə davam edirik. Lakin davamlı sülh yalnız siyasi mətnlərlə təmin edilə bilməz. Sülhün ictimai zəmində möhkəmlənməsi üçün keçmişdən qalan humanitar məsələlərin də nəzərdən keçirilməsi lazımdır. Bu baxımdan paraflanmış saziş mətninin 9-cu maddəsində itkin şəxslər məsələsinə yer verilməsini mühüm hesab edirik.
Bu maddə çərçivəsində tərəflərin itkin şəxslərin taleyinin aydınlaşdırılmasına yönəlmiş mövcud məlumatları paylaşmaları və bu sahədə əməkdaşlıq etmələri nəzərdə tutulur.
Bunun praktikada nəticələrə çevrilməsi üçün arxivlərdəki məlumatların paylaşılması, ehtimal olunan dəfn yerlərinə dair məlumatların qiymətləndirilməsi, zəruri sahə işlərinin həyata keçirilməsi, aşkar edilmiş qalıqların elmi üsullarla araşdırılması, identifikasiyası, ailələrin proses barədə müntəzəm və düzgün şəkildə məlumatlandırılması böyük əhəmiyyət daşıyır".
Şamil Ayrımın sözlərinə görə, bütün bunların tərəflərin razılığı, beynəlxalq hüquq və humanitar prinsiplər çərçivəsində həyata keçirilməsi həm ailələrin illərdir gözlədiyi cavablara çatmasına, həm də cəmiyyətlər arasında etimadın güclənməsinə töhfə verəcək:
"Müharibənin sona çatması itkin şəxslərin yaxınlarının ağrısının sona çatması demək deyil. Hər itkin şəxsin bir adı var, bir ailəsi var, bir hekayəsi var və cavab gözləyən yaxınları var".