BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaradıb.

Teleqraf xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

"2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi.

Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir", - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb: "Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməyib".