BAKI, 7 oktyabr. TELEQRAF
1 oktyabr 2026-cı il tarixinə hərbi təcavüz nəticəsində itkin düşmüş 4 min 10 nəfər Dövlət Komissiyasında qeydiyyatdadır.
Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “Bakı Dialoqu” çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfransda bildirib.
O vurğulayıb ki, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb: "İtkinlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs vardır. Bu rəqəmlər faciənin miqyasını göstərir. Bizim vəzifəmiz isə hər bir insanın taleyinə aydınlıq gətirməkdir.
Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası axtarışlar üçün yeni imkanlar yaratmışdır. Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirmişdir".