BAKI, 7 oktyabr. TELEQRAF

“Biz bu dialoqa 30 il əvvəl başlamışıq. Bu sistem aydın məsuliyyətə malik institutlar tələb edir. Qanunvericilik, araşdırma, qalıqların aşkarlanması və götürülməsi, məhkəmə-tibbi ekspertiza prosedurları gərək olur. Ailələrin bu prosesdə fəal iştirak etməsi vacibdir”.

Teleqraf xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O vurğulayıb ki, ən mühüm nailiyyətlərdən biri çoxsaylı itkinlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT-dən istifadə edilməsidir.

“Nəticə yalnız DNT ilə bağlı deyil. Daha mühümü odur ki, elm sistemin bir hissəsi olduqda səmərəli nəticə verir. DNT şəxsiyyəti müəyyənləşdirə bilər, amma özü-özlüyündə şəxsin başına nə gəldiyini müəyyən etmir. Bunun üçün istintaq və məhkəmə-tibbi sübutlar lazımdır. Bu sübutlar düzgün şəkildə aşkarlanmalı, sənədləşdirilməli, təhlükəsiz idarə olunmalı və fəaliyyət göstərmək səlahiyyəti və müstəqilliyi olan institutlar vasitəsilə bir araya gətirilməlidir”, - o bildirib.

Katrin Bomberger deyib ki, ailələr sadəcə cavab gözləmirlər, onlar bu prosesin tərəfdaşlarıdır: "Bu gün burada çoxsaylı azərbaycanlı ailələri görməkdən məmnunam. Onlar məlumat, sənəd və DNT nümunələri təqdim edirlər".