BAKI, 7 oktyabr. TELEQRAF
İsrailin Azərbaycandakı səfirliyi HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun üçüncü ildönümü ilə əlaqədar həlak olanların xatirəsini yad edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, 2023-cü il oktyabrın 7-də HƏMAS terrorçuları təxminən 1200 nəfəri öldürüb, 251 nəfəri isə girov götürərək Qəzzaya aparıblar:
“Qurbanlar arasında uşaqlar, yaşlılar, ailələr, musiqi festivalının iştirakçıları, hərbçilər, polis əməkdaşları və başqalarını xilas etmək üçün mübarizə aparan mülki şəxslər olub. Qurbanların hər birinin öz həyat hekayəsi və onları sevən yaxınları olub”.
Səfirlik yaxınlarını itirən ailələrə, sağ qalanlara və əsirlik əzabını yaşayanlara dəstəyini ifadə edib.
Həmçinin həlak olanların xatirəsinin yaşadılmasının və onların hekayələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub:
“Biz unutmadıq və heç vaxt unutmayacağıq”.