BAKI, 7 oktyabr. TELEQRAF
Naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev bir müddət saxlanıldıqdan sonra Bakıya ekstradisiya oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın News.am portalı məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyanın məsələ barədə son açıqlamasını şərh edən mənbə qeyd edib ki, hökumət başçısı Musayevin bir müddət sonra Bakıya ekstradisiya olunacağını istisna etməyib.
Baş nazirin dünən yerli mediaya müsahibəsində əsgərin Bakıya təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavabı belə olub: “Bir müddət Ermənistanda qalacaq, hazırda istintaq altındadır, həbsdədir”.
“Bir müddət” dedikdə hansı zaman kəsiyini nəzərdə tutduğunu aydınlaşdırmayan Nikol Paşinyanın bu açıqlaması portal tərəfindən ekstradisiyanın mümkünlüyü kimi şərh olunub.