BAKI, 7 oktyabr. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldu milli komandanın düşərgəsini tərk etməsi ilə bağlı ilk dəfə ətraflı açıqlama verib.
Teleqraf xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı hücumçu şəxsi səhifəsində açıq məktub yayımlayaraq baş məşqçi Jorje Jesusla yaşadığı fikir ayrılığından danışıb.
Ronaldu Norveç üzərində qələbədən sonra azarkeşləri salamlamamasının səhv olduğunu etiraf edib və buna görə üzr istəyib.
“Bu, tamamilə mənim məsuliyyət daşıdığım səhvdir və baş verməməli idi. Portuqaliya xalqından, azarkeşlərdən və məni görmək üçün səfər edən hər kəsdən üzr istəyirəm”, – Ronaldu bildirib.
Portuqaliyalı ulduz davranışlarının intizam cəzasına səbəb ola biləcəyini də qəbul edib və belə bir cəzanı çəkməyə hazır olduğunu bildirib. O, fiziki formasını qoruduğu və klubunda müntəzəm oynadığı təqdirdə Portuqaliya millisinin heyətinə qayıtmağa, “mübarizə aparmağa və qalib gəlməyə” hazır olduğunu vurğulayıb.
Ronaldu qeyd edib ki, 2026-cı il dünya çempionatından sonra millidəki karyerasını başa vurduğunu elan etmək üçün məktub hazırlayıb. Lakin Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa onu oynamağa davam etməyə inandırıb.
Ronaldu bildirib ki, Proensa daha sonra yeni baş məşqçi ilə bağlı onun fikrini soruşub və o, Jorje Jesusun təyinatını dəstəkləyib.
Futbolçunun sözlərinə görə, fikir ayrılığı sentyabrın sonundakı təlim-məşq toplanışında yaranıb. Ronaldu Jesusla fiziki durumunu qorumaq məqsədilə oyun vaxtının idarə olunması ilə bağlı razılaşdıqlarını deyib.
O, Norveçlə oyunda təxminən 30 dəqiqə meydana çıxacağının bildirildiyini, lakin uzun müddət isinməsinə baxmayaraq oyuna buraxılmadığını qeyd edib.
Ronaldu matçdan sonra Jesusla məsələnin ictimaiyyətə necə açıqlanacağı barədə danışdıqlarını və razılığa gəldiklərini bildirib. Lakin onun sözlərinə görə, baş məşqçi sonrakı mətbuat konfransında razılaşdırılanları açıqlamayıb.
Portuqaliyalı hücumçu bunu etimadın itirilməsi kimi qiymətləndirib və Danimarka ilə oyundan əvvəl milli komandanın düşərgəsini tərk etməsinin birbaşa səbəbinin də bu olduğunu bildirib.
Xatərladaq ki, Jorje Jesus Ronaldunun açıqladığı kimi hər hansı razılaşmanın olduğunu təkzib edib. Baş məşqçi daha əvvəl Ronaldunun milli komandaya qayıtmaq istədiyi halda qapının onun üzünə açıq olduğunu bildirmişdi.
Portuqaliya Futbol Federasiyası isə Ronaldunun məktubunda bəhs etdiyi şəxsi görüşlərin məzmunu ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin heyətində 225 oyunda 146 qol vurub.