BAKI, 7 oktyabr. TELEQRAF
UEFA Millətlər Liqasında İsrail və İrlandiya arasında keçirilən oyunun fasiləsində baş verdiyi iddia olunan insidentlə bağlı araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, oktyabrın 4-də Serbiyada keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmanın fasiləsində komandalar arasında mübahisə yaşanıb.
İrlandiya millisinin atletik performans üzrə məşqçisi Damien Doyl israilli futbolçulardan birinin ona tüpürdüyünü iddia edib. İrlandiya millisinin baş məşqçisi Heimir Hallgrimsson da iddiaları təsdiqləyib.
UEFA rəsmi hesabatları araşdırdıqdan sonra hadisə ilə bağlı Etika və İntizam Müfəttişi təyin edib.
Hallgrimsson isə oyundan sonra İrlandiya ilə İsrailin gələcəkdə yenidən qarşılaşmamalı olduğunu bildirib. O, bu qərarın UEFA tərəfindən verilməli olduğunu vurğulayıb.