BAKI, 7 oktyabr. TELEQRAF

“Biz Avropa İttifaqına (Aİ) hansısa bədələ və Gürcüstanın maraqları hesabına üzv olmaq istəmirik. Buna görə də Gürcüstanın Ukrayna və Moldovadan “geri qaldığı” deyiləndə cavabımız sadədir: Gürcüstan ləyaqəti və sülhü seçir”.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya söyləyib.

“Avropa Komissiyasının komissarı Marta Kos iddia edir ki, Gürcüstan Ukrayna və Moldovadan geri qalır, buna görə də üzvlük üzrə yol xəritəsini ala bilməyəcək. Əgər bu gün Brüsseldə “irəliləyiş” ölkənin müəyyən siyasi tələbləri nə dərəcədə sözsüz yerinə yetirməsi ilə ölçülürsə, bu, artıq ləyaqətə əsaslanan inteqrasiya yox, sözsüz itaət tələbidir. Gürcüstan hökuməti dəfələrlə sübut edib ki, Avropaya inteqrasiya üçün zəruri islahatları həyata keçirə bilər. Amma bizim üçün qırmızı xətlər, milli maraqlar və gürcü xalqının seçdiyi hakimiyyətin qərarlarına hörmət kimi məsələlər mövcuddur.

Biz Avropa İttifaqına hansısa bədələ və Gürcüstanın maraqları hesabına üzv olmaq istəmirik. Buna görə də bizə Gürcüstanın Ukrayna və Moldovadan “geri qaldığı” deyiləndə cavabımız sadədir: Gürcüstan ləyaqəti və sülhü seçir”, - o vurğulayıb.

Kirtsxaliya qeyd edib ki, Tbilisi Gürcüstanı bərabərhüquqlu tərəfdaş kimi qəbul edən Avropaya hörmət edir:

“Xanım Avropa komissarının “yol xəritəsi” ilə ölkədə qarışıqlıq yaratmağa və xalq tərəfindən seçilmiş hakimiyyəti zor yolu ilə dəyişməyə cəhd edənlər hazırda həbsxanalarda cəzalarını çəkir və prosessual razılaşma tələb edirlər. Gürcüstanın “yol xəritəsi” ləyaqətlə irəliləməyi nəzərdə tutur və bu yolda mütləq uğur qazanacaq”.