BAKI, 11 avqust. TELEQRAF
Yəmən Silahlı Qüvvələri “Ənsarallah” Hərəkatının (husilər) Taiz şəhərinin şərqində ordu mövqelərinə sızmaq cəhdinin qarşısını alıb və toqquşma zamanı qarşı tərəfdən bir neçə silahlı əsir götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin dövlət mediası məlumat yayıb.
Yəmən qüvvələri Əl-Kərifat bölgəsində ordu mövqelərinə sızmağa çalışan husilərlə toqquşub. Husilər bundan sonra qüvvələrinin geri çəkilməsini təmin etmək və mümkün mühasirənin qarşısını almaq məqsədilə ön mövqeləri və yaxınlıqdakı yaşayış məhəllələrini artilleriyadan intensiv atəşə tutublar. Hökumət qüvvələri öz mövqelərini qoruyub saxlayıb və əraziyə nəzarəti davam etdirib.
Husilər kəşfiyyat və kamikadze hücumları həyata keçirmək məqsədilə bölgə üzərində dron uçuşlarını artırıblar. Amma Yəmən ordusunun qüvvə və vasitələri dronları bölgənin hava məkanını tərk etməyə məcbur edib.
Yəmənin cənub-qərbində yerləşən Taiz hökumət qüvvələri ilə husilər arasında əsas qarşıdurma xətlərindən biridir. Şəhərin böyük hissəsi Yəmənin rəsmi hökumətini dəstəkləyən qüvvələrin nəzarətindədir. Husilər isə şəhərin şimal və şərqindəki ətraf ərazilərin bir hissəsinə, həmçinin bəzi hissələrinə nəzarət edirlər.