BAKI, 16 noyabr. TELEQRAF

Haitinin öldürülmüş prezidenti Jovenel Moizin həyat yoldaşı 10 ildən sonra ölkədə keçiriləcək ilk prezident seçkilərində namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Haiti Müvəqqəti Seçki Şurası (CEP) məlumat yayıb.

Martine Moiz qeydiyyatdan keçmiş 33 namizəd arasında yer alan üç qadından biridir. Namizədlər arasında Haitinin keçmiş prezidentləri Mişel Martelli (2011-2016) və Jozelerme Privert (2016-2017), eləcə də Moizin prezidentliyi dövründə baş nazir vəzifəsini icra etmiş Klod Jozef də var.

Oktyabr ayında Müvəqqəti Seçki Şurası 2026-cı il dekabrın 13-nə təyin edilmiş prezident seçkilərinin 2027-ci il iyulun 18-nə keçirilməsi barədə qərar qəbul edib.

2021-ci ildən Haitidə prezident postu faktiki olaraq boş qalıb. Ölkəni ümumi seçkilərin keçirilməsi üçün lazımi şəraiti hazırlamalı olan Keçid Dövrü Prezident Şurası idarə edir.

2021-ci il iyulun 7-də Jovenel Moiz iqamətgahına silahlı hücum zamanı ölümcül güllə yaraları alıb. Hücum zamanı prezidentin həyat yoldaşı da yaralanıb. Daha sonra hakimiyyət orqanları aktı törədən cinayətkar qrupun 26 Kolumbiya vətəndaşından ibarət olduğunu açıqlayıb. Onların bir qismi həbs edilib. Prezidentin qətli ilə bağlı istintaq çərçivəsində ümumilikdə 40-dan çox şəxs saxlanılıb.