BAKI, 13 noyabr. TELEQRAF

BMT Təhlükəsizlik Şurası “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumlarını və Yəməndə hərbi əməliyyatlarını genişləndirməsini pisləyən qətnaməni qəbul edib.

Teleqraf xəbər verir ki, şura Səudiyyə Ərəbistanı ərazisinə hücumların və ticarət gəmiçiliyinə qarşı təhdidlərin dayandırılmasını tələb edib.

Qətnaməyə əsasən, husilərə qarşı sanksiya siyahısına daxil edilmiş şəxslərə tətbiq olunan aktivlərin dondurulması və səyahət qadağaları 14 noyabr 2027-ci il tarixinədək uzadılıb. BMT Təhlükəsizlik Şurası həmçinin husilərin raket və dronların istehsalında istifadə etdikləri ikili təyinatlı komponentlərin və kimyəvi maddələrin ötürülməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Qərar husilərin Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarının artması, eləcə də Qırmızı dənizdə gəmiçiliyə yönəlik təhdidlərin güclənməsi fonunda qəbul olunub. Təhlükəsizlik Şurası daha əvvəl də bəyanat yayaraq, Səudiyyə Ərəbistanının beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bəyan etmişdi.