BAKI, 16 noyabr. TELEQRAF
8 il öncə vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılırdı.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov"Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır: "Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. Əmək bazarının şəffaflaşması şəraitində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib. 8 il öncə biz vergi islahatı paketini təqdim edərkən, məhz bu nəticələri proqnozlaşdırırdıq”.