BAKI, 5 aprel. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin İranın daxilində həyata keçirdiyi uğursuz xilasetmə əməliyyatı zamanı itirdiyi texnikaların sayını açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH sözçüsünün son bəyanatına əsasən, İran hərbi qüvvələri ölkənin mərkəzi hissəsində — İsfahanın cənubunda ABŞ-yə məxsus iki "C-130" hərbi-nəqliyyat təyyarəsini və iki "Black Hawk" helikopterini məhv edib.

Xatırladaq ki, əməliyyat daha öncə vurulmuş "F-15" qırıcısının heyət üzvünü xilas etmək məqsədilə başladılıb. İlkin məlumatlarda yalnız bir "C-130" təyyarəsinin vurulduğu bildirilsə də, SEPAH-ın rəsmi nümayəndəsi itkilərin daha böyük olduğunu və dörd hava vasitəsinin sıradan çıxarıldığını təsdiqləyib.

***

12:24

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin vurulmuş pilotunu xilas etmək üçün həyata keçirdiyi hərbi əməliyyatın tam uğursuzluqla nəticələndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, İranın "Tasnim" agentliyi düşmən qüvvələrinin məhv edilməsi ilə bağlı təfərrüatları yayıb.

Məlumata görə, ABŞ-nin itkin düşmüş pilotu tapmaq üçün İranın mərkəzi hissələrinə daxil olmaq cəhdi SEPAH, ordu, Bəsic (xalq könüllüləri) və polis qüvvələrinin (FARAJA) birgə əməliyyatı nəticəsində dəf edilib. "Xatəmül-Ənbiya" Qərargahının nümayəndəsi bildirib ki, İsfahanın cənubunda ABŞ-a məxsus iki "Black Hawk" helikopteri və bir "C-130" hərbi-nəqliyyat təyyarəsi dəqiq zərbələrlə vurulub.

İran tərəfi ABŞ Prezidenti Donald Trampın "pilotun xilas edildiyi" barədə paylaşımını "ağır məğlubiyyəti ört-basdır etmək cəhdi" kimi qiymətləndirib.

Hazırda İran hərbi rəhbərliyi vurulmuş təyyarələrin qalıqlarının görüntülərini paylaşmaqda davam edir. Rəsmi Tehran bu hadisəni ABŞ-nin bölgədəki hərbi nüfuzuna vurulan növbəti ağır zərbə kimi təqdim edir.

***

09:33

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubundakı İsfahan bölgəsində ABŞ-yə məxsus hava gəmisini vurduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, vurulan təyyarə bölgədə itkin düşmüş amerikalı zabitin axtarışlarını həyata keçirirmiş.

İran tərəfinin bu iddiası ABŞ Prezidenti Donald Trampın bəyanatı ilə eyni vaxta təsadüf edib. Xatırladaq ki, Tramp bir qədər əvvəl itkin düşmüş ekipaj üzvünün uğurlu əməliyyat nəticəsində xilas edildiyini elan etmişdi.

SEPAH isə iddia edir ki, xilasetmə əməliyyatına cəlb olunan təyyarə hədəf alınıb və bu, Vaşinqtonun bölgədəki uğursuzluqlarının davamıdır.