BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, sazişə görə, Səudiyyə Ərəbistanı ABŞ-yə 600 milyard dollar sərmayə yatıracağını açıqlayıb.
Bu əməkdaşlıq ABŞ-nin enerji təhlükəsizliyini, müdafiə sənayesini və texnologiya sahəsindəki liderliyini gücləndirəcək. Həmçinin, müqaviləyə 142 milyard dollar dəyərində silah satışını əhatə edən bir razılaşma da daxil edilib. Bu, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında indiyə qədər imzalanmış ən böyük silah sazişi olub.
Sazişə əsasən, Səudiyyə Ərəbistanına hava qüvvələrinin inkişafı, kosmik imkanlar, hava və raketdən müdafiə sistemləri, dəniz təhlükəsizliyi, sərhəd qorunması və quru qüvvələrinin modernləşdirilməsi istiqamətində müxtəlif silahlar satılacaq. Eyni zamanda, informasiya və rabitə texnologiyalarının təkmilləşdirilməsi də bu əməkdaşlığın bir hissəsini təşkil edir.
Bu strateji saziş, ABŞ və Səudiyyə Ərəbistanı üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.