BAKI, 23 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Livanın cənubundan qoşunlarını çıxarmaq istəməməsi ilə bağlı yaranmış vəziyyəti həll edə biləcəyinə əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp özünü "problemlərin həlli üzrə mütəxəssis" adlandıraraq, bu kimi məsələləri çox qısa müddətdə həll etdiyini deyib.
"Problemlərin həlli üzrə mütəxəssisəm. Problemləri çox tez həll edirəm, o cümlədən Bibi ilə", - deyə o, İsrailin Baş naziri Benyamin Netanyahuni nəzərdə tutaraq bildirib.
Qeyd edək ki, Netanyahu iyunun 22-də bir daha bəyan edib ki, İsrail hələlik Livan ərazisindən qoşunlarını çıxarmaq niyyətində deyil. Onun sözlərinə görə, ölkənin şimal sakinlərinin və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu müddətdə qalacaq.