BAKI, 21 iyun. TELEQRAF
İran və Amerika Birləşmiş Ştatları arasında imzalanan sazişin bütün bəndləri Tehranın maraqlarına tam cavab verir və bu danışıqların müsbət nəticələri tezliklə özünü büruzə verəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pul və Bank Siyasəti üzrə 33-cü Respublika Konfransında çıxışı zamanı bildirib.
"Bizi bir çox addımlardan çəkindirməyə çalışan Donald Tramp son çıxışında bunların hamısının xalqımızın haqqı olduğunu etiraf etdi. Qətərdə dondurulan 6 milyard dollar vəsaitimiz ölkəyə qaytarılacaq. Bu danışıqlardan ən çox narazı qalan isə Benyamin Netanyahudur", - deyə M.Pezeşkian vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Vaşinqtonun yeganə tələbi İranın nüvə silahına sahib olmamasıdır:
"Bu, Ali Rəhbərin də dəfələrlə bəyan etdiyi mövqedir. ABŞ sadəcə olaraq bunu yazıb imzalamağımızı istədi, biz də imzaladıq".