BAKI, 22 iyun. TELEQRAF

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da Avstriya ilə keçirilən qrup mərhələsi matçında bir neçə tarixi göstəriciyə imza atıb.

Teleqraf xəbər verir ki, 38 yaşlı hücumçu mundiallarda keçirdiyi oyunların sayına görə rekordunu yeniləyib.

“İnter Mayami”nin futbolçusu Avstriya ilə görüşdə meydana çıxmaqla dünya çempionatlarında 28-ci oyununu keçirib və bu göstəricidə turnir tarixinin rekordçusu olub.

Bundan əlavə, Messi vurduğu qolla dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. Argentinalı ulduz mundiallarda 17-ci qolunu vuraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin rekordunu (16 qol) geridə qoyub.

DÇ-nin ən yaxşı bombardirləri siyahısında ilk “3-lüy”ü braziliyalı Ronaldu tamamlayır. Hazırda aktiv futbolçular arasında Messinin ən yaxın izləyicisi isə Fransa millisinin üzvü Kilian Mbappedir (14 qol).

Eyni zamanda, Messi dünya çempionatları tarixində üç penalti qaçıran ilk futbolçu olub. Argentinalı oyunçu Avstriya ilə matçın 9-cu dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu, Messinin mundiallarda üçüncü qaçırdığı penalti olub (oyundan sonrakı penalti seriyaları nəzərə alınmır). O, daha əvvəl DÇ-2018-də İslandiya, DÇ-2022-də isə Polşa ilə görüşlərdə 11 metrlik zərbədən yararlana bilməmişdi.

Bununla yanaşı, Messi ardıcıl oyunlarda qol vurma sayına görə Dünya Çempionatı rekordunu təkrarlayıb. 38 yaşlı futbolçunun Avstriyaya vurduğu qol onun ardıcıl altıncı mundial matçında fərqlənməsinə səbəb olub. .

Ulduz hücumçu daha əvvəl DÇ-2022-nin pley-off mərhələsində Avstraliya, Niderland, Xorvatiya və Fransa ilə oyunlarda, həmçinin DÇ-2026-nın əvvəlində Əlcəzairlə qarşılaşmada qol vurub.

Bundan əvvəl bu göstəriciyə yalnız 1958-ci il Dünya Çempionatında Fransa millisinin üzvü Jüst Fonteyn və 1970-ci il mundialında Braziliya yığmasının futbolçusu Jairzinyo nail olmuşdu.

Qeyd edək ki, Argentina – Avstriya matçında ilk hissə 1:0 argentinalıların hesabına başa çatıb.