BAKI, 23 iyun. TELEQRAF

İran Hörmüz boğazından keçən gəmilərlə bağlı insidentlərin qarşısını almaq məqsədilə xüsusi əlaqə kanalı yaradılmasına razılıq verib.

Teleqraf xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, yeni mexanizm mümkün problemlərin operativ həlli üçün nəzərdə tutulub.

"Hörmüz boğazında müəyyən problemlər yarana bilər. Buna görə də 30 günlük müddət ərzində yarana biləcək çətinlikləri daha operativ həll etmək üçün əlaqə mərkəzi və rabitə xətti yaradılmasına razılıq vermişik", - deyə o bildirib.

Qalibaf vurğulayıb ki, bu əlaqə kanalı gəmilərin boğazdan keçməsi üçün icazə almaq məqsədi daşımır. Onun sözlərinə görə, keçid icazəsi ayrıca prosedurdur və yaradılacaq xətt yalnız mümkün insidentlər və ya anlaşılmazlıqların operativ aradan qaldırılmasına xidmət edəcək.

Parlament sədri əlavə edib ki, müharibədən əvvəl olduğu kimi Hörmüz boğazının idarə olunması artıq mümkün olmayacaq.

"Əlbəttə, beynəlxalq hüququn normalarına əməl ediləcək. Lakin Hörmüz boğazında gəmiçilik İranın müəyyən etdiyi qaydalar və beynəlxalq hüquq çərçivəsində tənzimlənəcək", – deyə o qeyd edib.

Qalibaf həmçinin bildirib ki, İsveçrədə ABŞ ilə keçirilən danışıqlarda tərəflər dondurulmuş 12 milyard dollarlıq İran aktivlərinin blokdan çıxarılması prosedurunu da razılaşdırıblar.