BAKI, 20 iyun. TELEQRAF
İlk dəfə NATO üzvü olan bir ölkənin hərbi dəniz qüvvələrinə gəmi ixrac edən Türkiyə Rumıniyaya “Cam. Roman.” korvetini təhvil verib.
Teleqraf xəbər verir ki, İstanbul şəhərində keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak edib.
“Türkiyə ilə Rumıniya arasındakı uzunmüddətli dostluğa doğru daha bir addım atırıq və “Cam. Roman.” korvetini Rumıniya Hərbi Dəniz Qüvvələrinə qürurla təhvil veririk. Tariximizdə ilk dəfədir ki, NATO və Avropa İttifaqı üzvü olan bir dövlətə hərbi gəmi təhvil verilir”, - Türkiyə lideri mərasimdəki çıxışında bildirib.
Mərasim zamanı “Hisar” sinifli “TCG Koçhisar” patrul gəmisi də Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Hər iki gəmi milli dəniz inkişaf proqramı çərçivəsində Türkiyə Müdafiə Nazirliyinin “Asfat” şirkəti tərəfindən inşa edilib.