BAKI, 22 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Pentaqon rəhbərliyini və Amerikanın əsas müdafiə şirkətlərini silah istehsalını sürətləndirməyə çağıracaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp müdafiə sənayesini İranla münaqişə səbəbindən tükənmiş Amerika silah ehtiyatlarını daha tez bir zamanda doldurmaq niyyətindədir: "Görüşdə müdafiə nazirinin müavini Stiven Faynberqin, eləcə də "Lockheed Martin", RTX, "Boeing", "L3Harris", "Northrop Grumman" və "Honeywell Aerospace" şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Pentaqon əvvəllər istehsalçılarla Patriot və Tomahawk raketlərinin istehsalını artırmaq üçün ilkin razılaşmalar əldə etmişdi, lakin bu proqramların tam maliyyələşdirilməsi hələ Konqres tərəfindən təsdiqlənməyib. "Wall Street Journal" qəzetinin məlumatına görə, Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün büdcə layihəsində Patriot, Standard Missile və THAAD raketləri də daxil olmaqla 12 növ vacib sursatın istehsalını genişləndirmək üçün 52,9 milyard dollar istəyib.