BAKI, 22 iyun. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunaraq bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər, xüsusilə siyasi sahədə uğurla inkişaf edib. Həmçinin, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Mərakeşə rəsmi səfərini, həmçinin mərakeşli həmkarları ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayaraq, bu kimi təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Həmçinin, diqqətə çatdırılıb ki, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları münasibətlərin inkişafında körpü rolunu oynayır. Bildirilib ki, cari ildə parlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumu da əlaqələri daha da dərinləşdirmək üçün əlverişli imkanlar yaradır.

Tərəflər, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq etməsindən məmnunluqlarını qeyd ediblər. Bildirilib ki, Mərakeş Şəbəkənin konfranslarında yüksək səviyyədə təmsil olunur və bu təşkilatın işinə böyük əhəmiyyət verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.