BAKI, 23 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı avtomobil istehsalçılarının yaxın vaxtlarda hərbi təyinatlı məhsulların istehsalına cəlb oluna biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin "Ford" və "General Motors" şirkətləri, eləcə də digər avtomobil konsernləri istehsal güclərinin bir hissəsini yenidən təşkil edərək "Patriot" zenit-raket kompleksləri üçün raketlər, "Tomahawk" qanadlı raketləri və digər silahların istehsalına başlaya bilərlər.

Tramp iyunun 24-də ABŞ-nin ən iri silah istehsalçıları ilə görüş keçirəcəyini də təsdiqləyib.

"Ölkə üzrə çoxlu zavod tikirik. "General Motors" və "Ford" ilə danışıqlar aparılır. "General Motors" hazırda silah istehsalına böyük maraq göstərir. Onların yenidən profilləşdirilməsi planlaşdırılan bir neçə zavodu var. Biz "Patriot", "Tomahawk" və digər silahları istehsal edəcəyik", – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, artıq bəzi avtomobil şirkətləri boş istehsal güclərindən istifadə edərək raket istehsalına dair müqavilələr bağlayır. Onun sözlərinə görə, ABŞ-də "Patriot" raketləri kifayət qədər olsa da, Vaşinqton ehtiyatların daim yüksək səviyyədə saxlanılmasını istəyir.