BAKI, 12 may. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili Şamil Təyyar özünüləğv qərarı verən PKK terror təşkilatının silahları necə təhvil verəcəyi, təşkilat üzvləri və liderlərinin təslim olub-olmayacağı kimi sualları cavablandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “Türkiyə” qəzetinə danışıb.
Təyyar silahların Türkiyənin nəzarəti altında Süleymaniyyə və Ərbildə (İraq) təhvil alınacağını bildirib:
“Təşkilatın 300-ə yaxın yüksək səviyyəli rəhbəri Cənubi Afrika və Norveç kimi üçüncü ölkələrə gedəcək, bura İran, İraq və Suriya daxil deyil. Cinayətlə əlaqəsi olmayan təşkilat üzvləri şəxsiyyət vəsiqələrini daşıdıqları ölkələrə qayıdacaq və 4000-ə yaxın Türkiyə vətəndaşı mərhələli şəkildə sərhəddə qəbul ediləcək”.
Sabiq millət vəkili PKK lideri Abdullah Öcalanın İmralıda (həbsxanada) qalmağa davam edəcəyini, ABŞ və Fransa kimi qarant ölkələrin olmayacağını qeyd edib:
“Yeni hökm qanunundan PKK-çılar da faydalanacaq, yaşlıların və xəstələrin sərbəst buraxılmasını təmin edəcək qaydalar hazırlanacaq”.