BAKI, 3 may. TELEQRAF

ABŞ-nin 200 hərbi maşından ibarət karvanı cümə günü Suriyanın Deyr əz-Zor əyalətindəki iki hərbi bazanı tərk edərək Şimali İraqa istiqamət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Dəməşqdə çıxan “Əl Vətən” qəzeti məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin hərbçiləri və hərbi texnikaları Suriyanın şərqindəki Əl Ömər neft yatağı və Koniko qaz yatağı ərazisindəki bazalardan çıxarılıb.

Aprelin 23-də ABŞ-ın Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş Şəddadi bazasından qoşunların və hərbi texnikanın çıxarılmasına başlanılıb.

"The New York Times" xəbər verir ki, Amerikanın Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçü tezliklə bağlanacaq və hərbçilərin sayı 2200-dən 1400-ə enəcək.

2015-ci ildən ABŞ hərbi qulluqçuları Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərindəki neft və qaz yataqları da daxil olmaqla, ölkə ərazisinin 25%-nə nəzarət edən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinə dəstək verib.