BAKI, 30 aprel. TELEQRAF
İsrail ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Səhnə bölgəsində pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib.
Teleqraf xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, hücum nəticəsində bir suriyalı təhlükəsizlik zabiti həlak olub.
Rəsmi məlumata əsasən, İsrailə məxsus PUA Səhnəyə yaxın ərazidə təhlükəsizlik qüvvələrinin toplaşdığı mövqeyi bombalayıb. Bu, gün ərzində eyni bölgəyə təşkil edilən ikinci hava hücumu kimi qeydə alınıb. Nazirlik hücumun İsrail tərəfindən qəsdən təhlükəsizlik obyektlərini hədəfə alması kimi qiymətləndirildiyini bildirib.
İsrail tərəfi hücumun səbəbi kimi, bölgədəki silahlı bir qrupun druz icmasına qarşı hücuma hazırlaşdığı iddiasını irəli sürüb. Rəsmi Tel-Əviv bu addımı druzları qorumaq məqsədi ilə atdığını açıqlasa da, hücumun zamanlaması və hədəfi Suriyada geniş rezonansa səbəb olub.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Suriyanın müvafiq qurumları hadisə ilə bağlı araşdırmalara başlayıb.