BAKI, 23 iyun. TELEQRAF

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) astronavtları Kristofer Uilyams və Cessika Meir iyunun 30-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

Teleqraf xəbər verir ki, NASA-nın məlumatına görə, astronavtlar Canadarm2 robot manipulyatorunun "bilək" hissəsində yerləşən şarniri dəyişdirəcəklər. Mayın sonunda bu sistemin fəaliyyətində nasazlıq aşkar edilib.

Bu, Kristofer Uilyams üçün ikinci, Cessika Meir üçün isə beşinci açıq kosmos yürüşü olacaq.

Canadarm2 BKS-nin Amerika seqmentində istifadə olunan Kanada istehsalı robot manipulyator sistemidir. Yeddi oynaqlı qurğunun uzunluğu 17,6 metr, çəkisi isə təxminən 1,8 tondur. Manipulyator 116 tona qədər yükü idarə etmək imkanına malikdir.

Sistem pilotsuz yük gəmilərinin stansiyaya tutulması və birləşdirilməsi, yüklərin və avadanlıqların daşınması, BKS-nin texniki baxışı, eləcə də astronavtların açıq kosmos fəaliyyətinə dəstək göstərilməsi üçün istifadə olunur.