BAKI, 23 iyun. TELEQRAF
ABŞ hakimiyyəti 1912-ci ildə Atlantik okeanında batmış "Titanik" gəmisindən çıxarılan artefaktların hərrac vasitəsilə satışına qarşı çıxıb.
Teleqraf xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, gəminin qalıqlarından artefaktların çıxarılması üzrə müstəsna hüquqa malik RMS Titanic şirkəti sərnişin və ekipaj üzvlərinin şəxsi əşyalarını, mətbəx ləvazimatlarını və gəminin dekor elementlərini satışa çıxarmağı planlaşdırır.
Agentlik qeyd edir ki, şirkət daha əvvəl okeanın dibindən çıxarılan artefaktların yalnız muzeylərdə və səyyar sərgilərdə nümayiş etdiriləcəyinə razılıq vermişdi.
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) isə hesab edir ki, bu əşyaların satışı tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərini pozur.
Bu səbəbdən qurum məhkəməyə müraciət edərək hərracın keçirilməsinin qadağan olunmasını tələb edib.