
BAKI, 9 mart. TELEQRAF
Suriyanın sahil bölgələrində ələvi icmasına mənsub yüzlərlə mülki şəxsin öldürüldüyü bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Təşkilatı (SOHR) məlumat yayıb.
Təşkilatın hesabatına görə, cümə və şənbə günləri baş verən hücumlar zamanı 745 mülki şəxs həyatını itirib. Ümumilikdə son iki gün ərzində 1000-dən çox insanın öldüyü bildirilir. Ölənlər arasında 125 hökumət nümayəndəsi və 148 Əsədə sadiq döyüşçü də var.
Latakiyada yüzlərlə insanın zorakılıqlardan qaçaraq Rusiya hərbi bazasına sığındığı, bəzilərinin isə Livana keçdiyi qeyd olunur.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen mülki əhali arasında böyük itkilərin olması ilə bağlı narahatlığını ifadə edib və tərəfləri vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb.