
BAKI, 7 mart. TELEQRAF
ABŞ prezidentləri seçildikdən sonra ilk xarici səfərlərini İngiltərəyə etsələr də, Donald Tramp sələflərinin bu ənənəsini pozub.
Teleqraf xəbər verir ki, Tramp ay yarım sonra ilk səfərini Səudiyyə Ərəbistanı Krallığına edəcəyini açıqlayıb.
ABŞ prezidenti qeyd edib ki, hər dəfə Səudiyyə Ərəbistanına gedəndə qazancla qayıdıb:
“Normalda ABŞ prezidentləri ilk xarici səfərlərində İngiltərəyə gedirlər, amma Səudiyyə Ərəbistanına sonuncu səfərimdə mənə 450 milyard dollar verdilər. Amerika şirkətləri 450 milyard dollar qazanıblar”.
Prezident ilk xarici səfəri üçün niyə Səudiyyə Ərəbistanını seçdiyini belə izah edib:
“Əgər dörd il ərzində Amerika şirkətlərindən 1 trilyon dollar dəyərində alış-veriş etsəniz, ilk olaraq sizə gələcəyəm. Ona görə də ilk xarici səfərimi Səudiyyə Ərəbistanına edəcəyəm”.
Tramp vurğulayıb ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ona və Amerikaya qarşı xoş münasibət bəsləyir:
“Onlarla əla münasibətim var, mənə çox yaxşı münasibət bəsləyirlər və Amerika şirkətlərinə çoxlu pul xərcləyəcəklər”.