BAKI, 9 mart. TELEQRAF

“Yarış çox xoşuma gəldi. Milli Gimnastika Arenası çox böyük və gözəldir. Bu amilə görə Bakını digər ölkələrdən fərqləndirirəm".

Bu sözləri Bakıdakı Dünya Kubokunda çıxış etmiş Latviyanın idman gimnastı Katrina Yureviça Teleqraf-a açıqlamasında deyib.

Yureviça Azərbaycandan çox gözəl xatirələrlə ayrıldığını vurğulayıb: "Üçüncü dəfədir Bakıda oluram. Buradan çox xoşum gəlir. Hər dəfə ölkənizə gələndə yeni şeylər öyrənirəm. İdmançılar da daim dəyişirlər, daha çox tanış insanlar ortaya çıxırlar. Onların hamısı ilə ünsiyyətdə olmaq da çox xoşdur. Bakıda ekskursiyada da olduq. Şəhər də çox xoşuma gəldi, yaxşı binalar var. Tarixilik də məndə xoş təəssüratlar yaratdı. Bütün yeməklərinizi çox da sınaqdan çıxara bilmədik. Amma kafelərin birində oturmuşduq, çox gözəl kabab verdilər. Çox gözəl xatirələrlə buradan ayrılıram”.

Qeyd edək ki, Dünya Kubokunda Katrina Yureviça dayaqla tullanma növündə 10-cu yeri tutub. Azərbaycan idmançılarından isə halqalarla hərəkətlərdə Nikita Simonov qızıl medal qazanıb.