BAKI, 8 mart. TELEQRAF

İsrail hakimiyyəti HƏMAS təşkilatına təzyiq göstərmək və girovların azad olunmasını sürətləndirmək üçün Qəzza zolağında gərginliyi artırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatında bildirilib.

Qeyd edilib ki, ötən həftə Qəzzaya giriş-çıxışa nəzarət edən keçid məntəqələrinin bağlanmasından sonra İsrail elektrik enerjisi və suyun təchizatını tamamilə dayandırmaq variantını nəzərdən keçirir. Əgər bu tədbirlər nəticə verməsə, İsrail yenidən hava hücumları həyata keçirə və Qəzza zolağında taktiki əməliyyatlara başlaya bilər.

Bundan əlavə, atəşkəs dövründə evlərinə qayıdan yüz minlərlə fələstinlinin yenidən köçkün vəziyyətinə düşməsi ehtimal olunur. Nəşr yazır ki, girovların azad edilməsi ilə bağlı irəliləyiş əldə olunmadığı halda, İsrail ordusu daha genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.

Məlumata görə, 2023-cü ilin oktyabrı ilə müqayisədə İsrailin silah və sursat ehtiyatları artırılıb. Üstəlik, Donald Trampın ABŞ prezidenti olduğu dövrdə İsrailə göstərilən siyasi təzyiqlərin aradan qalxması və İsrail Müdafiə Qüvvələrinin artıq Livan sərhədində böyük sayda qoşun saxlamaq məcburiyyətində olmaması hərbi əməliyyatların genişləndirilməsini mümkün edir.

Xatırladaq ki, yanvarın ortalarında Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs rejimi barədə razılıq əldə edilib. Bu razılaşma çərçivəsində yanvarın 19-da atəşkəs qüvvəyə minib və martın 1-də ilk mərhələ başa çatıb.

Lakin martın 2-də İsrail Qəzzaya humanitar yardımların çatdırılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb. Bu addım HƏMAS-ın ABŞ prezidentinin xüsusi nümayəndəsinin təqdim etdiyi atəşkəs planını qəbul etməkdən imtina etməsi ilə izah olunub.