
BAKI, 7 mart. TELEQRAF
Rusiya Suriyadakı vəziyyətdən narahatdır və döyüşən qruplar arasında tezliklə atəşkəsin əldə olunmasına çağırır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Biz Suriyada vəziyyətin kəskin şəkildə pisləşməsindən narahatıq. Bu kritik şəraitdə vəziyyətin gələcək inkişafına təsir göstərə bilən Suriyanın bütün nüfuzlu şəxslərini qan tökülməsinə ən qısa zamanda son qoymaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, - bəyanatda deyilir.
Zaxarova vurğulayıb ki, Rusiya demokratiya, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. O qeyd edib ki, Suriyadakı bütün daxili siyasi məsələlər bu prinsiplər nəzərə alınmaqla həll edilməlidir.
Xatırladaq ki, bir neçə gün öncə ələvi dini qruplaşmasının nümayəndələri Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” təşkilatına qarşı üsyan qaldırıblar. Martın 6-da Latakiyada tərəflər arasında qarşıdurmalar başlayıb. Tezliklə Suriyanın digər şəhərlərində, o cümlədən Rusiyaya məxsus aviabazanın yerləşdiyi Cəblə və Xmeymimdə iğtişaşlar başlayıb. Bu zaman yeni hakimiyyət üsyanı yatırmaq üçün qüvvələr göndərib.