
BAKI, 7 mart. TELEQRAF
Suriya qüvvələri Latakiya və Tartus əyalətlərinin mərkəzinə nəzarət edir və keçmiş rejimə bağlı silahlı qruplara qarşı genişmiqyaslı əməliyyatlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Suriya ordusu bu gün səhər saatlarında Latakiya və Tartusda qiyam qaldıran qruplara qarşı əməliyyatlara başladığını açıqlayıb. Mənbə Suriya qüvvələrinin artıq Tartus və Latakiya vilayətlərinin mərkəzlərinə nəzarəti ələ keçirdiklərini və kəndlərə daxil olmağa hazırlaşdıqlarını yazıb. Həmçinin Suriya qüvvələrinin Latakiyanın mərkəzinə nəzarəti genişləndirdiyi bildirilir.
Suriya sahillərində yerləşən Cəblə rayonu və bir neçə bölgədə qarşıdurmalar hələ də davam edir. Keçmiş rejimin qalıqlarının hücum və pusqularının koordinasiyalı və planlı olduğuna diqqət çəkən mənbə sabiq prezident Bəşər Əsədə bağlı qruplara qarşı hazırkı hərbi kampaniyanın ən böyük əməliyyat olduğunu vurğulayıb.
“Suriya qoşunları ilə Əsəd rejiminin qalıqları arasında döyüşlərin başlamasından sonra yayılan videogörüntülərdə Türkiyə ordusunun Raqqa çölündə SDQ (PKK terror təşkilatına bağlı qruplaşma – red.) qüvvələri ilə qonşu ərazilərdə yerləşən kontingentini dəstəkləmək üçün əlavə hərbi qüvvə göndərdiyi əks olunub”, - məlumatda deyilir.
Əməliyyatların başlamasından sonra Latakiya və Tartusda komendant saatı tətbiq edilib.