BAKI, 4 mart. TELEQRAF

Tehranın Türkiyənin siyasətini ictimai tənqid etməsi səbəbindən İranın Ankaradakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf xəbər verir ki, XİN-də keçirilən görüşdə İranın müvəqqəti işlər vəkilinə xarici siyasət məsələlərinin daxili siyasət materialına çevrilməməsi ilə bağlı mesaj verilib.

Qeyd edək ki, xarici işlər naziri Hakan Fidanın “Suriyanın sabitliyini pozmayın” xəbərdarlığından sonra Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanqıç ​​İran Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Türkiyə xarici işlər naziri ötən həftə “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə İranın “Suriya Demokratik Qüvvələri” (SDQ) terror təşkilatına mümkün dəstəyi barədə bunları söyləmişdi:

“Başqa ölkələrdə iğtişaşlar törətmək istəyənlərin özləri də eyni vəziyyətlə üzləşə bilərlər. Pəncərənə daş atılmasını istəmirsənsə, başqasının pəncərəsinə daş atmamalısan”.

Bu açıqlamadan sonra İran XİN-in sözçüsü İsmayıl Bəqayi Türkiyəni tənqid edən açıqlama vermişdi:

“Türk dostlarımız sionist rejimin (İsrail) Suriya və bölgədəki siyasətləri haqqında daha çox düşünməlidirlər”.