BAKI, 4 mart. TELEQRAF

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında baş vermiş diplomatik qalmaqalla bağlı əsas detallar diqqətdən yayınmır. Əslində, Oval Sarayda yaşananlar daha öncədən hesablanmış plan idi. Zelenskinin nüfuzuna zərbə vurmaq, onu biabır etmək, müharibədən geri çəkilməsinə nail olmaq üçün qurulmuş ssenari belə olub. Tramp bir aylıq hakimiyyəti dövründə Ukrayna tərəfinə “sizinlə üz-üzə gəlmək istəmirəm” mesajını verirdi. Görünür, o, Zelenskini Rusiya Prezidenti Vladimir Putin səviyyəsində qəbul etmək niyyətinə olmayıb.

Bu sözləri Teleqraf-a Ağ Evdəki məlum qalmaqalı şərh edən politoloq Ramiyə Məmmədova deyib.

“Tramp tərəfindən Zelenskinin qeyri-legitim adlandırılması da həmin prosesin tərkib hissəsi idi. Onun Putin ritorikası ilə danışması bunu təsdiq edir. Ağ Evdəki qalmaqalda ABŞ prezidenti Ukrayna liderini tərəfdaş kimi görmək istəmədiyini bəyan etmiş oldu. Bəlkə də Zelenski Putinlə görüşmüş olsa idi, ona qarşı bu qədər hörmətsizlik edilməzdi”, - o qeyd edib.

Politoloq bildirib ki, ABŞ adminstrasiyası əslində, Zelenskinin Ağ Evə gəlməsini istəmirdi: “Dövlət katibi Mark Rubio da demişdi ki, “biz onun gəlməsini arzulamırdıq və gələndən sonra nəticə bu olmalı idi”. Görünür onlar Zelenski ilə bir masada oturmaq istəməyiblər. Qarşılarında Ukrayna prezidentini aşağılanmış bir şəxs kimi görüblər. Dünyanın gözü qarşısında Zelenskinin rəsmi geyimdə ora gəlməməsini bəhanə edərək, şəxsiyyətini heçə endirməyə çalışdılar”.

“Tramp bununla Avropa liderlərinə mesaj verdi ki, Zelenskinin yerinə hər biriniz ola bilərsiniz. Fransa Prezidenti Emmanuel Makronla görüşdə də ABŞ prezidenti fərqli bir ritorika seçmişdi. Baş verənlər göstərdi ki, Amerika bundan sonra Ukraynaya heç bir yardım etməyəcək. Avropa İttifaqı də Kiyevin təhlükəsizliyinə ciddi zəmanət verə bilmir. Çünki Avropanın özü də bir masada oturub, konkret qərar verə bilməyən ölkələr toplumudur”, - Ramiyə Məmmədova bildirib.

Qeyd edək ki, fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında diplomatik qalmaqala səbəb olan mübahisə baş verib.