
BAKI, 4 mart. TELEQRAF
İran və Türkiyə arasında uzun müddətdir fikir ayrılıqlarının olduğunu hamı bilir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Türkiyə xarici işlər naziri Hakan Fidanın İranla bağlı son açıqlamaları ilə bağlı sualını cavablandıran diplomat qeyd edib:
“Türkiyə ilə münasibətlərə böyük əhəmiyyət veririk. Münasibətlərimizdə ortaq maraqlar problemi var, üstəlik, Türkiyə ilə uzun müddətdir fikir ayrılıqlarımız olduğunu hamı bilir.
Hər iki tərəfin uğuru fikir ayrılıqlarını kifayət qədər ağıllı şəkildə idarə etməkdədir. Maraqlıdır ki, hər iki tərəf yaxşı münasibətləri pozmadan bunu edir. Həmçinin eşitdiyimiz sözlər konstruktiv deyildi".
Türkiyə xarici işlər naziri Hakan Fidan bundan əvvəl “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İran bölgədəki nailiyyətləri üçün böyük resursları qurban verib.
İranın Suriyada hakimiyyət dəyişikliyindən sonrakı siyasətindən danışan Fidan söyləyib:
“İranın region ölkələrində yaraqlılar vasitəsilə xarici siyasət yürütməsi məsələsi İranın uzun müddətdir böyük risk altında həyata keçirdiyi siyasətdir. Müəyyən irəliləyiş əldə edib, amma bu uğurları qorumaq üçün çəkdiyi xərclər daha böyükdür. İraq və Suriyada əldə etdiyi nailiyyətləri qorumaq üçün İran bu qazanclardan daha çoxunu qurban verməli oldu”.
Nazirin sözlərinə görə, danışıqlar zamanı İran rəsmilərinə bildirib ki, bu xarici siyasət yanaşması dəyişməlidir.
Nazir vurğulayıb ki, belə siyasət müəyyən nəticələr versə də, həm İran, həm də region üçün böyük yük yaradır: “İran yeni dövrün hadisələrindən nəticə çıxarmalı, regional həmrəylik gücləndirilməlidir. İndi köhnə səhvləri davam etdirməyin vaxtı deyil”.