BAKI, 4 mart. TELEQRAF

“Ramazan ayında oruc tutan şəxs düzgün qidalanmağa diqqət etməlidir ki, oruc müddətində enerjisi azalmadan, sağlamlıq problemləri yaşanmadan günü rahat keçirə bilsin”.

Teleqraf xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da qastroenteroloq Hicran Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, imsak vaxtı mümkün qədər bol maye qəbul edilməlidir:

“Mayenin temperaturu nə qaynar, nə də çox soyuq olmamalıdır. Məsləhətdir ki, xurma və digər quru meyvələrdən istifadə olunsun. Yeməyə gəlincə südlü yeməklər, yumurta, duzsuz pendir, şor, qaymaq, bal, duzu və şəkəri az olan un məmulatları istifadə edilə bilər. İmsak vaxtı çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidalara üstünlük verilməsi tövsiyə olunur. Bu qidalar uzun müddətli enerjili və tox qalmanı təmin edəcək. Yumurtalar, süd, yoğurt, pendir kimi zülallı qidalar yemək bədəni uzun müddət enerjili saxlayır. Zülallar həmçinin əzələ kütləsinin qorunmasına kömək edir. Vitamin və mineral balansını təmin etmək üçün təzə tərəvəzlər (xüsusən salatlar) və meyvələrdən istifadə etmək önəmlidir. Lifli qidalar mədənin tox qalmasına kömək edəcək”.

Qastroenteroloq bildirib ki, iftar zamanı oruc mütləq 1 stəkan ilıq su və xurma ilə açılmalıdır:

“Daha sonra sulu yemək yeyilməlidir. Əsas yeməyə təqribən 20- 25 dəqiqə sonra keçilsə məsləhətlidir. Əsas yemək kimi çox acılı, duzlu, bol ədviyyatlı, souslu, çox qızardılmış və çox yağlı yeməklər məsləhət görülmür. Nisbətən tutumlu və kalorili yeməklər daha faydalıdır. Daha çox tərəvəzli yeməklər, qatıq, mövsümə uyğun meyvə tövsiyə edilir. Şirniyyat və çay isə iftardan 2 saat sonra məsləhət görülür. Xüsusən bitki çaylarını quru meyvələrlə içilməsi daha xeyirlidir”.