BAKI, 4 mart. TELEQRAF

Moskva hesab edir ki, Vaşinqton və Tehran bütün problemlərini danışıqlar yolu ilə həll etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya hesab edir ki, Birləşmiş Ştatlar və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır”, - Kreml nümayəndəsi deyib.

“Bloomberg” mənbələrinə görə, Rusiya İranın nüvə proqramı və Tehranın Yaxın Şərqdə ABŞ-yə düşmən olan qüvvələrə dəstəyi məsələlərində Vaşinqtona kömək etməyə razılaşıb. Qeyd edilir ki, bu xahiş ABŞ Prezidenti Donald Tramp tərəfindən fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı edilib və məsələ fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda da müzakirə olunub.

Fevralın 7-də İranın dini lideri Əli Xameneyi ölkəsini artıq bir dəfə aldatmış ABŞ ilə danışıqlara yer olmadığı barədə xəbərdarlıq edib.

İran Prezidenti Məsud Pezeşkian fevralın 27-də Vaşinqtonun danışıqlar aparmaq qabiliyyətini sübut edəcəyi təqdirdə ABŞ ilə danışıqları bərpa etməyə icazə verib. Həmçinin Pezeşkian bu məsələ ilə bağlı Xameneyi ilə arasında fikir ayrılığı olduğunu etiraf edib.