BAKI, 4 mart. TELEQRAF

Bu gün Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin anım günüdür. Onun vəfatından 106 il ötür.

Məlumdur ki, neft hasilatçısı külli miqdarda pul tələbi ilə iki dəfə oğurlanıb. Onun oğurlanması və azad edilməsi haqqında müxtəlif versiyalar mövcuddur.

Milyonçunun oğurlanması faktı Gürcüstanın ilk respublikasının hərbi xadimi, zirehli qatar komandiri, Milli Qəhrəmanı (1918) Vladimer (Volodya) Qoquadzenin (1880-1954) xatirələrində də yer alıb.

Teleqraf-ın Gürcüstan bürosunun məlumatına görə, V.Qoquadze Fransada mühacirətdə yazdığı memuarlarının əlyazmalarını İkinci Dünya müharibəsi zamanı yandırıb. Qalan fraqmentləri həyat yoldaşı 1963-cü ildə Parisdə gürcü dilində nəşr etdirib.

Xatirələrin azərbaycanlı milyonçunun oğurlanması və azad edilməsi ilə bağlı həmin hissəsini təqdim edirik. Qeyd edək ki, gürcü hərbi xadimin Ağa Musa Nağıyevlə bağlı xatirələri Azərbaycan mediasında ilk dəfədir yayımlanır.

Qoquadzeni Bakı ilə nə bağlayıb və şəhərdə niyə axtarışa verilib?

V.Qoquadzenin həyatının bir hissəsi Bakı ilə bağlı olub. O, 1903-cü ildən Bakı dəmir yolunda çalışıb, Bakı-Hacıqabul xəttində yük qatarında konduktor işləyib. Bakıda inqilabi hərəkata qoşulan gürcü gəncin ləqəbi “böyük Volodya” (“bolşoy Volodya”) olub. O, 1905-1907-ci illərdə Bakıda inqilabi çıxışlarda iştirak edib, 45 sutkalıq cəza alıb. V.Qoquadze hərbi-inqilabi şuranın üzvü kimi silah anbarlarına nəzarət edirdi. O, qanunsuz silah istehsalı ilə məşğul olub, bir sıra silahlı basqınlarda iştirak edib və polislə toqquşmaları baş verib. Qeyri-qanuni əməllərinə görə 1906-cı ildə Bakıda axtarışa verilib, tapılmasına görə mükafat da təyin olunub. V.Qoquadze Bakıda 1908-ci ilin sonunadək qalıb və səhhəti ilə əlaqədar Suxumiyə köçüb.

Nağıyevin oğurlanması azərbaycanlı- gürcü qarşıdurması yarada bilərdi

Qoquadzenin xatirələrindən:

“1908-ci ildə quldurlar tanınmış milyonçu Musa Nağıyevi oğurladılar. O, neft sənayeçisi idi və azad edilməsi üçün milyon tələb edilirdi. Bu işə polis də cəlb olunmuşdu. Jandarmeriya tatarlar (azərbaycanlılar-red.) və gürcülər arasında qarşıdurma yaranmamasına çalışırdı. Tatarlar Nağıyevin gürcülər tərəfindən oğurlandığını deyirdilər. İoseb Dadianinin təşəbbüsü ilə mən gürcülər və tatarlarla görüş təşkil etdim. Şura kömək xahişi ilə bizim mənzil-qərargahımıza müraciət etdi. Qərargahımız razılıq verdi və mən dərhal tədqiqata başladım. Quldurlar öyrəndilər ki, Nağıyevin işi mənə həvalə olunub və buna görə məni öldürmək qərarına gəldilər. Gənc tatarlar və onların lideri İsa bəy Aşurbəyov mənim yanımda idilər”.

“Oğrular beş nəfər idilər: üç tatar və iki gürcü”

Qoquadzeyə xəbər çatdırırlar ki, guya Quriyadan (Qoquadze Gürcüstanın bu bölgəsindən idi) qonşusu Tsuladze gəlib və atasından məktub gətirib. Qoquadze ona qarşı plan qurulduğunu anlayır və təyin olunan yerə tək yollanır.

“Etibarlı ekipaj tutdum və Apollon Tsuladzenin yanına yollandım. Hücum üçün silah hazırladım. Günorta idi. Ekipajı Tsuladzenin evinin yaxınlığında saxlatdım. Evdən səs-küy eşitdim, içəri daxil oldum və Musa Nağıyevi oğurlayanları aşkarladım. Məni öldürmək üçün aldatmışdılar! Onlar 5 nəfər idilər: üç tatar və iki gürcü. Sanki kimsə məni müşayiət edirmiş kimi səsləndim: “Hazır olun!”. “Ev mənim adamlarım tərəfindən əhatə olunub” deyib qışqırdım. Onlara pistoletimi tuşlayıb təslim olmalarını tələb etdim. Elə bu zaman mənim adamlarım gəldi. Quldurlar silahlarını yerə atdılar və adamlarımdan biri onları yığdı. Oğrular Nağıyevi gizlətdiklərini etiraf etdilər və onu azad edəcəklərinə söz verdilər. Həmin günün axşamı bir tatarı göndərdim ki, Nağıyevi xəstəxanaya çatdırsın.

Xəbər bütün şəhərə yayıldı, Sankt-Peterburqa da çatdırıldı və Nağıyevə təbrik teleqramları göndərildi.

Musa Nağıyevin övladı yox idi. Məlum oldu ki, qohumları oğrulara onun azad edilməsi üçün pulu ona görə vermirdilər ki, Nağıyevin öldürüləcəyi halda milyonları onlara qalacaq”.

“Ağa Musadan pul almaqdan imtina etdim”

Qoquadze Ağa Musa Nağıyevlə görüşünü belə xatırlayırdı:

“Nağıyev kimin onu azad etdirdiyini öyrəndi və mənimlə görüşmək istədi. Növbəti günün axşamı onunla görüşdüm. Tatar dostlarım da mənimlə idilər. Nağıyev məni sevinclə və mehribanlıqla qəbul etdi və soruşdu ki, azadlığı üçün ondan nə almaq istərdim. Mən puldan imtina edib dedim: “Mükafatım tatar və gürcüləri rüsvayçı qarşıdurmadan xilas etməyimdir”. Nağıyev çox məyus oldu və dedi ki, İsveçrədə mənim adıma pul qoya bilər. O, mənə ora köçməyi təklif etdi. Mən ona gənc inqilabçı olduğumdan xaricə getmək istəmədiyimi bildirdim. Cavabım tatar dostlarımın xoşuna gəldi. Nağıyevlə söhbətim belə başa çatdı”.

Milyonçudan gözlənilməz hədiyyə

Azərbaycanlı milyonçu gürcü xilaskarını mükafatsız qoymur. Nağıyevin qiymətli hədiyyəsi Qoquadze üçün gözlənilməz olub:

“Musa Nağıyev xaricdə olanda gözlənilmədən mənə qiymətli avtomat, həmçinin “Borchardt C-93” tüfəngini də hədiyyə göndərdi. Mən tüfəngi 1921-ci ilədək daşıdım”.

Deyilənlərə görə, V.Qoquadzeni həmin silahsız nadir hallarda görmək olardı. Nağıyevin hədiyyəsinin uzun müddət Qoquadzenin doğma Çançati kəndində ailəsi tərəfindən qorunub saxlanıldığı bildirilir. Tüfəngin hazırda harada olması barədə isə məlumat yoxdur. 1924-cü ildə Gürcüstanın sovet hakimiyyəti hərbi xadimin əmlakını müsadirə edib. Qoquadze Fransada vəfat edib və Levil malikanəsində gürcü qəbirstanlığında dəfn olunub.

Arxiv fotoşəkillərdə V.Qoquadzenin əlində tutduğu silahın Ağa Musa Nağıyevin hədiyyə etdiyi tüfəng olduğu bildirilir.