BAKI, 4 mart. TELEQRAF

"Ağır oyun oldu, vacib 3 xal qazandıq".

Teleqraf xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "İlk növbədə, ağır səfərdə əzmkar qələbə qazandıqları üçün futbolçularıma təşəkkür etmək istəyirəm. "Turan Tovuz" əla komandadır, onlara qarşı hazırlaşmaq çətin idi. Bu komanda ilə oynamağın çətinliyini bu gün də hiss etdik. Son 15-20 dəqiqə daha çətin keçdi. Futbolçularımız səhvə yol vermədilər, qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Ümumi götürsək, ağır oyun oldu, vacib 3 xal qazandıq.

Baş məşqçi növbəti turda "Səbail"ə qarşı keçirəcəkləri oyun barədə də danışıb: "Sıx və çətin qrafikimiz var, dörd gün sonra "Səbail"lə oynamalıyıq. Onların da son oyunlardaki performansı göz qabağındadır".

Sadıqov komandada əsas qapıçının son oyunlar ehtiyatda olanda Tyaqo Silva olduğunu vurğulayıb: "Onun oynamamasında heç bir problem yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm, Aydın Bayramov yaxşı performans göstərir, amma bizim bir nömrəli qapıçımız Tyaqodur. Limitə görə dəyişiklik edirik, Aydının oyunu məni qane edir, Tyaqo da bunu başa düşür".

O, daha sonra futbolçusu Salifu Suma üçün Türkiyənin "Fənərbağça" klubundan rəsmi təklif almadıqlarını açıqlayıb:

"Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. "Fənərbağça"dan rəsmi təklif olmayıb, amma Ukraynanın "Dinamo Kiyev" klubundan rəsmi təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda, yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənə bilsin".