BAKI, 4 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışı “Amerika arzusunun canlandırılması"na həsr olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına açıqlaması zamanı məlumat verib.

“Prezident Tramp Konqresdə fantastik çıxış edəcək. Onun çıxışının mövzusu Amerika arzusunu canlandırmaqdır və bu, artıq baş verir”, - Ağ Evin sözçüsü bildirib.

Levitt, həmçinin vurğulayıb ki, Tramp Konqresdə Ukraynadakı münaqişəni həll etmək istəyindən danışmaq niyyətindədir.

O əlavə edib ki, Amerika lideri və onun administrasiyası Demokratlar Partiyasının üzvlərinin ABŞ prezidentinin qarşıdan gələn çıxışını poza biləcəyindən narahat deyil.

Qeyd edək ki, bundan öncə "Axios" xəbər portalı Nümayəndələr Palatasındakı mənbələrə istinadən xəbər vermişdi ki, "Demokratlar" Amerika liderinin çıxışını pozmaq variantını nəzərdən keçirərək, Trampın Konqresdəki çıxışına etiraz etmək üçün bir sıra variantları müzakirə ediblər.