TBİLİSİ, 4 mart. TELEQRAF

“Venesiya Komissiyası ən qeyri-ciddi Avropa strukturlarından biridir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu təşkilat “qlobal müharibə partiyası”nın maraqlarına xidmət edən adi siyasi orqana çevrilib.

“Hüquqi qiymətləndirmə mərkəzindən bu təşkilat siyasi quruma çevrilib. Onlar heç bir hüquqi əsası olmayan siyasi rəylər yazırlar. Buna görə də biz onların qiymətləndirmələrini ciddiyə ala bilmərik. Hüquqi qiymətləndirmələr etsələr, ciddi nəzərdən keçirərik, siyasət isə Venesiya Komissiyasının işi deyil”, - hökumət başçısı söyləyib.

Qeyd edək ki, ötən gün Venesiya Komissiyasının açıqladığı rəydə bildirilib ki, Gürcüstanın İnzibati Xətalar Məcəlləsi və “Toplaşmaq və nümayişlər haqqında” Qanununa düzəlişlər tələsik qəbul olunub və onlara yenidən baxılmalıdır.