
BAKI, 4 mart. TELEQRAF
Milli Olimpiya Komitəsində (MOK) Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ilə görüş olub.
MOK - dan Teleqraf-a bildirlib ki, komitənin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu qeyd edib. Kompleks yarışlarda kikboksinq idman növünün təmsil olunduğunu deyən MOK rəsmisi bu idman növündə kifayət qədər uğurlar qazanıldığını diqqətə çatdırıb.
WAKO-nun prezidenti Roy Beyker əvvəlcə ölkəmizə səfəri barədə məlumat verib. Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının keçirilə biləcəyini söyləyən Beyker bunun üçün danışıqların yüksək səviyyədə davam etdiyini qeyd edib.
Çingiz Hüseynzadə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Milli Olimpiya Komitəsinin Kikboksinq Federasiyasına dəstək olacağını bildirib.
Görüşdə MOK-un baş katibi Azər Əliyev kikboksinqə ölkəmizdə diqqət göstərildiyini vurğulayıb, bu idman növü üzrə təmsilçilərimizin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurlardan danışıb.
WAKO-nun vitse-prezidenti Salim Kayıcı Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların başqa ölkələrə nümunə olduğunu bildirib.
2027-ci ildə Bakıda kikboksinq üzrə Avropa çempionatının keçirilməsi məsələsinin gündəmdə olduğunu deyən S.Kayıcı bu məsələdə Azərbaycana sona qədər dəstək göstərəcəklərini qeyd edib.
Kikboksinq idman növünün ölkəmizdə populyarlığından danışan Orxan Əliyev isə bu gün ölkəmizdə 200-dən çox klubun qeydiyyatdan keçdiyini və 10 mindən çox idmançının bu idman növü ilə fəal məşğul olduğunu deyib. O qeyd edib ki, 2027-ci ildə Bakının Avropa çempionatına ev sahibliyi etməsi və qitənin ən güclü döyüşçülərinin paytaxtımızda toplaşması diqqətləri ölkəmizə cəlb edəcək.