
BAKI, 4 mart. TELEQRAF
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və bu kimi digər nümayəndəliklərin Azərbaycanda fəaliyyəti barədə müvafiq addımlar atılsa, bundan onlar məsuliyyət daşıyacaqlar".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, həmin təşkilatların Azərbaycanda bağlanma ehtimallarını nəzərə alsaq, burada məsuliyyət onların üzərinə düşür:
"ABŞ Prezidenti və komandasına daxil olan İlon Mask USAID-ın cinayətkar təşkilat olduğunu qeyd edirsə, baş ofis əməkdaşlarının sayı 10 mindən 300-ə qədər endirilirsə, sözügedən dövlət BMT, NATO, Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq barədə fikirlərini dilə gətirirsə, demək, ölkəmiz də ciddi siqnallar alıb. Belə olan halda, həmin təşkilatların Azərbaycandakı fəaliyyəti barədə hansı yanaşma ola bilər? Proqnozlaşdırmaq çətin deyil. Odur ki, BQXK və bu kimi digər nümayəndəliklərin Azərbaycanda fəaliyyəti barədə müvafiq addımlar atılsa, bundan onlar məsuliyyət daşıyacaqlar".
E.Nəsirov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) fəaliyyətindən də bəhs edib:
"UNICEF təşkilatı haqqında ABŞ-nin münasibəti indidən bəllidir. Birləşmiş Ştatlar bunu açıq şəkildə dilə gətirir. Təşkilatın qurucu ölkələrindən biri olan ABŞ UNICEF barədə neqativ fikirlər səsləndirirsə və ya bağlamaq istəyirsə, o zaman analoji hal Azərbaycanda da yaşana bilər. Fəaliyyətləri qeyri-legitim hesab olunursa, lazımi addımlar atılmalıdır".
Deputat vurğulayıb ki, buna görə kimsə Azərbaycanı ittiham edə bilməz:
"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münxen Təhlükəsizlik Konfransında Avropa liderlərinin gözlərinə baxa-baxa qeyd etdi ki, Qərb öz fundamental dəyərlərindən, demokratiya və insan haqlarından uzaqlaşır. Avropa avtokratiyaya keçir. Məsələ ABŞ rəhbərliyi səviyyəsində qeyd olunur. Buna görə də bəzi Qərb dairələrinin Azərbaycanın üzərinə gəlmək istəmələri gülüş doğura bilər".
Hüquq müdafiəçisi Çingiz Qənizadə isə BQXK-nın fəaliyyətindən narazı olduğunu dilə gətirdi:
"Təşkilat I Qarabağ müharibəsindən sonra əsirlərimizə münasibətdə, onlara operativ baş çəkməkdə lənglik göstərirdilər. Xatırlayıram ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında iştirak edəndə biz tərəfdən onların fəaliyyəti tənqid olundu və nümayəndəliyin rəhbəri dözümsüzlük göstərib, iclası tərk etdi. Elementar tənqidə dözmədi. BQXK xaricdən maliyyələşən digər insan hüquqları təşkilatı kimi Ermənistana daha çox qayğı və diqqət göstərib. Ölkəmiz bununla bağlı lazımi adımlar atsa, biz də müzakirələr apara bilərik".
Xatırladaq ki, Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyəti dayandırılır.