TOVUZ, 17 avqust. TELEQRAF

Tovuz rayonunda 26 yaşlı qadının itkin düşdüyü bildirilir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, üç uşaq anası olan Cəlilova Lamiyə Səməd qızı avqustun 6-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının sözlərinə görə, Lamiyə bir müddət əvvəl rayonun Qazıqulu kəndində yerləşən ata evinə gəlib. Sonuncu dəfə məhz burada görünüb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Lamiyənin evdən getməsindən sonra polisə məlumat verilib.

İlkin məlumata görə, Lamiyənin ailəsində müəyyən narazılıqlar olsa da, onun itkin düşməsinə səbəb ola biləcək hadisə baş verməyib. Valideyinləri bildirir ki, qadın tez-tez ağlayırmış, lakin narahatlığının səbəbini onlara açıqlamayıb.

L.Məmmədovanın anası Sevil Məmmədova: "Ayın 6-sı saat 11-də işləyirdim. Balaca qızı çağırdım, dedim, anan hanı? Cavab verdi ki, yoxdur. Gəldim evləri axtardım, tapmadım. O gedən gedib. Polisi yığdım, 102-yə müraciət elədim.

Ailədə problemləri yox idi. Gördüm, ər evində oturmaq istəmir. Dedim, istəmirsənsə, məhkəməyə verək, boşan. Bir həftə əvvəl onu ər evindən gətirmişdim. Ötən il bir dəfə də qaçıb gəlmişdi, iki aydan sonra qayıdıb getdi. On ildir ailə qurub. İlk dəfədir belə evdən gedir. Psixoloji problemi barədə bir söz deyə bilmirəm, amma əsəbləri yerində deyildi".

Hazırda Lamiyənin harada olduğu və ya hansı istiqamətə getdiyi məlum deyil.

Lamiyənin atası Səməd Məmmədovun sözlərinə görə, övladı avqustun 6-sı günü saat 10-11 arası evdən çıxıb gedib: "Ər evində bir az yoldaşı ilə narazılığı vardı. Qayınanası, qayınatası ilə heç bir problemi yox idi. Şəxsiyyət vəsiqəsini də özüylə götürüb. Təki sağ-salamat tapılsın".

Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi axtarış tədbirlərini davam etdirir.

Ailə üzvləri Lamiyə barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etməyi xahiş edir.