TƏRTƏR, 7 avqust. TELEQRAF

Tərtər şəhərində ər-arvadın yanaraq öldüyü yanğın hadisəsinin qəsdən törədildiyi ehtimal olunur.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisəni rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin törətdiyi üzə çıxıb.

Müəyyən edilib ki, Vüqar Baxşəliyev sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub.

İddialara görə, o, evdən oğurluq etdikdən sonra törətdiyi cinayətin izini itirmək məqsədilə yaşayış evinə od vurub və hadisə yerindən uzaqlaşıb.

Nəticədə evdə olan Əsgər Səmədov və Adilə Hüseynova yanaraq ölüb.

Faktla bağlı araşdırma davam etdirilir. Hadisənin bütün təfərrüatları və şəxsin əməlinə hüquqi qiymət istintaqın nəticələrinə əsasən müəyyənləşdiriləcək.

***

10:06

Tərtərdə ər-arvadın yanaraq öldüyü evdə yanğının qəsdən törədildiyini ehtimal etməyə əsas verən maddi sübut aşkarlanıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, evə baxış keçirilərkən qabda yanacaq məhsulu tapılıb. Hadisə yerində ailənin yaxınları tərəfindən aşkarlanan həmin maddə ekspertiza qrupuna təhvil verilib.

Hazırda yanacaq məhsulunun tərkibi və yanğının qəsdən törədilib-törədilmədiyi ilə bağlı ekspertiza araşdırmaları aparılır.

Qeyd edək ki, Tərtər şəhərində baş verən yanğın zamanı evdə olan Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı Hüseynova Adilə Soltan qızı yanaraq ölüb.

Faktla bağlı araşdırma davam etdirilir.