BAKI, 17 avqust. TELEQRAF
“Cəmiyyətin bu günlərdə tez-tez eşitdiyi fikirlər Gürcüstana qarşı vahid və böyük səylər toplusudur. Tarixi bilməmək və ya bilərəkdən təhrif etmək də məhz bu prosesin davamıdır. Bu insanların Qarabağla bağlı tamamilə yersiz müqayisələr apardığını görürük”.
Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının üzvü, deputat Levan Maxaşvili deyib.
Deputatın sözlərinə görə, milli məqsəd Gürcüstanın işğal edilmiş ərazilərinin azad olunmasıdır:
“Cəmiyyətə birbaşa deyirlər ki, Abxaziya Rusiyadır və guya Gürcüstan heç vaxt Abxaziya olmayıb. Bu, gürcülərə və Avropaya qarşı yönəlmiş bəyanatdır. Çünki bununla cəmiyyətə həm də deyirlər ki, əgər Qərbə doğru irəliləmək və Avropa İttifaqına, yaxud NATO-ya üzv olmaq istəyiriksə, Abxaziya və Sxinvalini (Cənubi Osetiya) unutmalıyıq.
Bu, Gürcüstana qarşı yönəlmiş xain səylərin mahiyyətidir. Xalqın dəstəklədiyi milli məqsədimiz Gürcüstanın birləşdirilməsidir. Qərb, şərq, şimal və ya cənub olmasından asılı olmayaraq, istənilən istiqamət ərazi bütövlüyünün bərpası üçün vasitədir, ölkənin ödəməli olduğu bədəl deyil. Kim deyirsə ki, Gürcüstan hansısa istiqamətdə irəliləmək üçün Abxaziya və Sxinvalini unutmalıdır, o, vətənsiz, gürcü xalqının düşməni və öz dövlətinə və xalqına xəyanət edən insandır”, - Maxaşvili bildirib.