BAKI, 17 avqust. TELEQRAF

Azərbaycanın Baş Prokurorluğu tərəfindən Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Əskərov Tahir Aydın oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Əskərov Tahir Aydın oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkəmizin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 25.02.2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış verilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb.

Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.